İyunun 7-də Azərbaycan Dövlət Musiqili Teatrında Səməd Vurğunun “Vaqif” dramının motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdiriləcək.
Tamaşanın quruluşçu rejissoru, hazırda Moskvada fəaliyyət göstərən "Dərviş" Teatrın bədii rəhbəri Mərdan Feyzullayev AZƏTAC-a müsahibəsində səhnə əsərinin məqsəd və məramından söhbət açıb.
Bildirib ki, şairin “Vaqif” əsərinin motivləri əsasında səhnələşdirilən tamaşanın nəsrlə olan hissələrini onun özü, nəzmlə olan parçalarını isə şair Vaqif Aslan yazıb.
Rejissor, əsasən tarixi şəxsiyyət olan Qacar və İbrahim xan obrazlarının “tarixi hüququ”nu özünə qaytarmaq, tarixi ədaləti bərpa etmək niyyətində olduqlarını söyləyib. O, mövcud “Qarabağnamə”lər əsasında bu obrazların yenidən işləndiyini, onların həqiqi vətənpərvər şəxsiyyət kimi canlandırılmasında istifadə edildiyini söyləyib.
Tamaşada Vaqif obrazını Əməkdar Artist Əbülfət Salahov, Qacar obrazını Əməkdar Artist Xanlar Həşimzadə, İbrahim xan obrazını teatrın istedadlı aktyoru Asif Yusifov , təlxək obrazını Əməkdar Artist İqrar Salamov oynayıblar.
azertag.az