İyunun 11-dən 18-dək Minskdə “Böyük Teatrda balet yayı” III Beynəlxalq Festivalı keçiriləcək. Rəqs pərəstişkarları Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində dünya baleti ulduzlarının və Belarus artistlərinin iştirakı ilə bir neçə premyeraya, ən yaxşı klassik və müasir tamaşalara tamaşa edəcəklər.
Festival belaruslu xoreoqraf Olqa Kostelin quruluşunda Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin premyerası ilə açılacaq. Balet 1300 illik tarixi olan, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən qədim türk dastanı “Kitabi-Dədə Qorqud”un motivləri əsasında yazılıb. Azərbaycan bəstəkarı bu baleti həyatının başlıca əsəri sayır.
Tanınmış bəstəkar, müğənni, aktyor, ictimai və siyasi xadim Polad Bülbüloğlu və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının direktoru Vladimir Qridyuşko onlayn-konfransda BELTA-nın qonaqlarına musiqi və teatrdan, incəsənət və diplomatiyadan, yaradıcılıq planlarından və maraqlı layihələrdən söz açacaqlar. Sualları qabaqcadan və bilavasitə konfransın gedişi zamanı vermək olar.
http://www.belta.by/onlineconference/view/diplomatija-iskusstva-842/
Cavablar iyunun 8-də saat 12:00-dan sonra (Bakı vaxtı ilə 13:00) dərc olunacaq.
azertag.az