Qoz yoğun bağırsaq xərçənginin inkişaf riskini aşağı salır
7.6.2016

Cekson adına genom laboratoriyasından bir qrup amerikalı alim tədqiqat nəticəsində müəyyən edib ki, qozun tərkibindəki maddələr kolorektal xərçəngdən qorumaq qabiliyyətinə malikdir. Tədqiqatın nəticələri “Cancer Prevention Research” jurnalında dərc edilib.

Mütəxəssislər siçanlar üzərində təcrübə aparıb və onları 2 qrupa ayırıblar. Birinci qrupa adi yem, ikinci qrupa isə amerikalı adamın qida rasionuna daxil olan qida verilib. Bununla yanaşı, hər qrupda bir alt-qrup olub ki, oradakı siçanların yeminə qoz qatılıb. Aşkar edilib ki, qoz qatılmış insan qidaları ilə yemlənən siçanlarda yoğun bağırsaq xərçənginin inkişaf ehtimalı minimum olub. Bu onunla bağlıdır ki, qozun tərkibində zəngin yağ turşuları, habelə omeqa-3 və omeqa-6 yağ turşuları, eləcə də E vitamini var. Bu maddələr xərçəngdən qorumağı bacaran bakteriyaların böyüməsinə və çoxalmasına səbəb olur.

Alimlərin gəldiyi nəticəyə əsasən, qozu xərçəngin profilaktikası məqsədilə tövsiyə etmək tamamilə mümkündür, lakin tədqiqatı insanların iştirakı ilə də aparmaq lazımdır.

azertag.az