Tokioda “İRS-İsan“ jurnalının yapon dilində ilk nömrəsinin təqdimat mərasimi keçirilmişdir
4.7.2012

İyulun 3-də Tokionun “Okura” mehmanxanasında Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin və “İRS-Miras” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə “İRS-İsan” jurnalının yapon dilində ilk nömrəsinin təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə Yaponiya parlamentinin üzvləri, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının, işgüzar dairələrin və diplomatik korpusun nümayəndələri, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri iştirak etmişlər.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bildirmişdir ki, “İRS-İsan” jurnalının ilk nömrəsinin təqdimat mərasimi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf edir. Əlamətdar yubiley ilə əlaqədar müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdıran səfir iki ölkə arasında əlaqələrin hazırda müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulamışdır. G.İsmayılzadə əmin olduğunu bildirmişdir ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan “İRS” jurnalının yapon dilində nəşri Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına öz müsbət təsirini göstərəcəkdir.
“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı bildirmişdir ki, nəfis tərtibatda hazırlanmış jurnalın yapon dilində nəşrinin məqsədi Yaponiya oxucularını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, incəsənəti, ədəbiyyatı, mətbəxi, turizm imkanları, inkişaf perspektivləri haqqında hərtərəfli məlumatlandırmaqdır.
“İRS” jurnalının tarixi haqqında danışan baş redaktor bildirmişdir ki, 2002-ci ildə ilk dəfə dərcə başlayan jurnalın hazırda rus, ingilis, fransız, çin, alman, italyan, ispan, türk, ərəb və çex dillərində nəşrləri dünyanın 70-dən çox ölkəsində yayımlanır. İndiyədək jurnalın səhifələrində Azərbaycanın tarixinə, mədəniyyətinə, ölkənin inkişafına dair 600-dən çox elmi məqalə dərc olunmuşdur.
M.Mərcanlı əmin olduğunu bildirmişdir ki, Yaponiya ictimaiyyəti “İRS-İsan” jurnalı vasitəsi ilə Azərbaycan haqqında dolğun məlumatlar əldə edəcəkdir.
Mərasimdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin informasiya idarəsinin rəisi Cavanşir Məmmədov çıxış edərək bu cür nəşrlərin xalqlarımızın bir-birini daha yaxından tanımaları baxımından əhəmiyyətini vurğulamışdır. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən Azərbaycanın son illər qazandığı uğurlardan danışmış, ölkəmizin dost Yaponiya ilə münasibətlərin genişlənməsi işinə verdiyi əhəmiyyəti diqqətə çatdırmışdır.
Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycanda ilk səfiri, jurnalda dərc edilmiş “Yaponiya-Azərbaycan dostluq əlaqələri və perspektivlər” məqaləsinin müəllifi Tetsuya Hirose iki ölkə arasında əlaqələrin tarixinə nəzər salmışdır. T.Hirose həmin vaxt Yaponiya hökumətinin yenicə müstəqillik qazanmış ölkələrin inkişafına xüsusi diqqətlə yanaşdığını qeyd etmişdir.

AzərTAc