İyunun 7-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Əzizə Ağahüseynqızının "Payız yağışı" adlı şeirlər kitabının təqdimatı keçirilib.
Tənqidçi Əsəd Cahangir Ə.Ağahüseynqızının yaradıcılığından söhbət açıb. Bildirib ki, müasir qadın şairlər içərisində öz dəsti-xətti ilə seçilən Əzizə Ağahüseynqızının yeni kitabında torpaq, vətən, ana, ata, övlad, yurd, sevgi, dünya haqqında səmimi hisslər, duyğular toplanıb. Dədə-baba torpağından zorla didərgin salınmış şairin şeirlərində torpaq nisgilindən, yurd-yuva həsrətindən ürək yanğısı ilə söhbət açılır.
Diqqətə çatdırılıb ki, şairin “Dünya”, “Əsgər oğluma”, “Atama”, “Bu xalını mənim anam toxuyub”, “Unnuca dovğası”, “Dünya, səndən niyə küsüm”, "Görəsən dünyanın harasındayam" və s. şeirlərində millətinin gücünə, dünyaca səsinə, düşməni əzəcək qüdrətinə arxalansa da, Qarabağ probleminin hələ də həllini tapmamasına heyrət edir.
Vurğulanıb ki, doğulduğu Beyləqan rayonunun Dünyamalılar kəndi indi Əzizə üçün əlçatmaz olub, bu nisgil onu ovunduran sətirlərə çevrilib. Müəllif insanları torpağı sevməyə çağırır, onları vətənin müdafiəsi uğrunda fədakarlığa səsləyir.
Kitabın redaktoru Qəzənfər Məsimoğlu, şairlər Oqtay Rza, İbrahim İlyaslı, Nazilə Gültac, Fəxrəddin Meydanlı, Zərəngiz Qayalı, Fərqanə Mehdi, Aləmzar Sadıq və başqaları Əzizənin Vətən nisgilli şeirlərinin, yurd sevdalı ürəyinin bir zaman güləcəyi, köçkünlərimizin öz doğma torpaqlarına qayıdacağı günün yaxın olduğunu bildirib, ona yaradıcılıq uğurları arzulayıblar.
Sonda Ə.Ağahüseynqızı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub.
azertag.az