Yunanıstanda “Azərbaycan gəncləri həftəsi” təşkil edilib
8.6.2016

Azərbaycanın Yunanıstandakı səfirliyi, Gənclər və İdman Nazirliyi, Krit və Pirey bələdiyyələri tərəfindən bu ölkədə “Azərbaycan gəncləri həftəsi” təşkil edilib. Tədbirlər əsasən, Yunanıstanın paytaxtı Afinada, Krit bölgəsinin Xanya, Retimno, İraklion və Sitia şəhərlərində keçirilib.

Məqsəd iki ölkə arasında gənclər sahəsində əməkdaşlığın inkişafına nail olmaq, milli mənəvi dəyərlərimizi, musiqi və rəqslərimizi xarici ölkələrdə təbliğ etməkdir.

Tədbirlərdə Gənclər və İdman Nazirliyinin xətti ilə Afinaya ezam olunan gənc musiqiçilərimiz muğamlardan ibarət kompozisiyalar ifa edib, “Cəngi”, “İgidlər”, “İnnabı”, “Naz eləmə” və digər milli rəqslərimizi nümayiş etdiriblər. Konsertlərdə görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Tofiq Quliyev və digərlərinin əsərləri də ifa olunub. Bununla yanaşı, gənc musiqiçilərimiz Afina Konservatoriyasında əcnəbi musiqiçilər üçün “Azərbaycanın milli musiqi alətləri” mövzusunda ustad dərsləri keçib, milli musiqimiz, rəqslərimiz, muğamlarımız haqqında ətraflı məlumat veriblər.

azertag.az