Yeni layihə əsasında yeni tamaşa
8.6.2016

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında gənc rejissor Nicat Qərib yeni layihə əsasında yeni tamaşa hazırlayır.

Teatrdan bildirilib ki, Azərbaycan, rus və yəhudi xalqlarına məxsus tanınmış dramaturqların əsərləri əsasında hazırlanan tamaşa multikulturalizm ilinə həsr edilib. Artıq əsərlər müəyyənləşdirilib. Belə ki, yeni tamaşada Çexovun "Ayı”, Elçinin "O da aşiq ola”, İsrail dramaturqu Yosef Bar-Yosefin "Qəliz adamlar” əsərlərindən istifadə olunacaq.

Səhnə əsərində hər üç xalqa məxsus adət-ənənələr, folklor, mədəniyyət nümunələri nümayiş olunacaq.

Teatr bu mövsümü yeni layihə əsasında hazırlanacaq xalqların dostluğunu tərənnüm edən bu tamaşa ilə yekunlaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Yosef Bar-Yosefin "Qəliz adamlar” əsəri ilk dəfə bu layihə çərçivəsində teatr tərəfindən Azərbaycan dilinə tərcümə edilib.

azertag.az