Bakıda Koreya milli mətbəxi festivalı keçirilib
9.6.2016

İyunun 8-də Bakıda Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Koreya milli mətbəxi festivalı keçirilib.

5 saylı “ASAN xidmət” Mərkəzində təşkil olunan festival Mədəniyyət və Turizm Nazirliyinin, Koreya Respublikasının Azərbaycandakı səfirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə keçirilən belə bir tədbiri əlamətdar hadisə kimi qiymətləndirib.

Dövlət başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin “Multikultralizm ili” olduğunu diqqətə çatdıran nazir bildirib ki, ölkəmizdə təşkil olunan mühüm tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən hər zaman yüksək qiymətləndirilib. Ə.Qarayev kulinariyanın mədəniyyət sahəsinin tərkib hissəsi olduğunu vurğulayaraq son zamanlar ölkəmizdə bu istiqamətdə reallaşan festivalları da yüksək qiymətləndirib. Azərbaycanla ilə Koreya Respublikası arasında mədəniyyət sahəsindəki əməkdaşlığa toxunan nazir deyib: “Mətbəx olmadan heç cür xalqların mədəniyyətini təsəvvür etmək mümkün deyil. Bu, həm də adət- ənənə deməkdir. Ənənəvi olaraq iki ölkə arasında mədəni tədbirlər təşkil olunur. Bu festivalın “Multikultralizm ili” çərçivəsində keçirilməsi sevindirici haldır”.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Gyu çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Diplomat belə tədbirlərin təşkil olunmasını xalqların bir-birinin milli mətbəx ənənələri ilə tanış olmaları ilə yanaşı, ölkələrarası mədəni əlaqələrin genişlənməsinə də müsbət təsir etdiyini söyləyib.

Koreya mətbəxinin özünəməxsus xüsusiyyətləri ilə səciyyələndiyini bildirən diplomat ölkə mətbəxində hazırlanan yeməklərin az koloritli olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin baş direktoru İnam Kərimov belə bir mötəbər tədbirin “ASAN xidmət” Mərkəzində təşkil olunmasını yüksək qiymətləndirib. Azərbaycanın sivilizasiyaların birləşdiyi bir məkan olduğunu deyən İ.Kərimov bu tipli tədbirlərin gələcəkdə də davamlı olmasını arzulayıb.

Qeyd olunub ki, Azərbaycan multikultural ənənələrin daşıyıcısı olan bir dövlət kimi hər zaman öz mədəniyyəti ilə yanaşı, başqa xalqların mədəniyyətinə də hörmətlə yanaşır.

Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov çıxış edərək ölkəmizdə Koreya mətbəxinin təqdim olunmasının artıq ənənəvi hal aldığını bildirib. Vurğulayıb ki, belə tədbirlər hər iki xalqın bir-birini daha yaxından tanımasına, qarşılıqlı olaraq mətbəx mədəniyyətimizin inkişafına yardım edir.

Bildirilib ki, festivalın keçirilməsində məqsəd, həm də bəşəri ideyaların, adət-ənənələrin və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsidir.

Tahir Əmiraslanov festivalda iştirak edən koreyalı aşbazlara Azərbaycan Kulinariya Assosiasiyasının diplom və hədiyyələrini təqdim edib. Təqdim olunan hədiyyələr içərisində Azərbaycan kulinariyasına həsr edilmiş kitablar da yer alıb.

Festivalda Koreyanın milli mətbəx nümunələrini əks etdirən yeməklər nümayiş olunub.

azertag.az