İlham Əliyev Çeçenistan Respublikası başçısının şəxsi nümayəndəsini qəbul edib
9.6.2016

Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şəxsi nümayəndəsi Adam Delimxanovu qəbul edib.

Adam Delimxanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını dövlətimizin başçısına çatdırdı. Ramzan Kadırovun və bütün çeçen xalqının ölkəmizdə əldə olunan uğurlara görə Prezident İlham Əliyevə dərin hörmət bəslədiklərini deyən qonaq Azərbaycanın nailiyyətlərinə sevindiklərini bildirdi. O, Azərbaycanın Milli bayramı - Respublika Günü və Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırdı. Qonaq Bakıda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Dövlətimizin başçısı Azərbaycan və çeçen xalqları arasında tarixi əlaqələrin mövcud olduğunu vurğuladı. Çeçenistanda gedən böyük inkişaf proseslərinə toxunan Prezident İlham Əliyev bu uğurlu inkişafın, sabitliyin və əmin-amanlığın önəmini qeyd etdi. Çeçenistandakı inkişafın ölkəmizdə maraqla izlənildiyini deyən dövlətimizin başçısı əldə edilən uğurlar münasibətilə çeçen xalqına və şəxsən Ramzan Kadırova təbriklərini çatdırdı. Dövlətimizin başçısı müqəddəs Ramazan ayının başlanması münasibəti ilə çeçen xalqını təbrik etdi.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu münasibətlərin genişlənməsinə ölkəmizlə Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Çeçenistan Respublikası arasında əməkdaşlığın öz töhfəsini verdiyini bildirdi.

Prezident İlham Əliyev Ramzan Kadırovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çeçenistan Respublikasının başçısına çatdırmağı xahiş etdi.

president.az