Azərbaycanın iki regionunda regional televiziya kanalı açılacaq. Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma yeni telekanalların açılması ilə bağlı çoxlu müraciətlər daxil olur: “Amma yeni telekanalların açılması müraciətlər əsasında olmur. MTRŞ bu məsələyə özü baxır, hansı ərazidə yeni telekanalların açılmasına ehtiyac varsa, bununla bağlı müsabiqə elan edir. Müsabiqədə də istənilən insan iştirak edə bilər. Bizə edilən hər bir müraciəti təbii ki, qeydə alırıq və toplayırıq. Gələcəkdə həmin ərazi üzrə regional televiziyanın açılmasına ehtiyac olub-olmaması ilə bağlı fikir bildirirk. Hazırda Azərbaycanda ölkənin mövcud reklam bazarına və auditoruyasına uyğun kifayət qədər telekanal var”.
Şura sədri deyib ki, MTRŞ regionlarda televizia kanallarının açılmasında maraqlıdır: “Elə ərazilər var ki, orada regional kanalların açılmasına ehtiyac var. Mərkəzi Aran zonasında – İmişli, Saatlı, Sabirabad, Şirvanda, bir də Şamaxıda regional telekanal yoxdur. İlk əvvəl bu iki ərazidə yeni regional kanallar açılacaq. Sonra isə digər ərazilərə baxılacaq”.