Yetişmiş pomidor damarlara yaxşı təsir göstərir
9.6.2016

Nə yaxşı ki, tərkibində likopin adlı aktiv maddənin yüksək konsentrasiyası olan pomidor süfrələrimizin bəzəyidir. Alimlər sübuta yetiriblər ki, likopin piqmentinin məhz bu effekti sayəsində sağlam adamlarda damar patologiyalarının inkişafı riski azalır. Ürək xəstəliklərindən əziyyət çəkən insanlar likopin qəbulundan sonra vəziyyətlərinin xeyli yaxşılaşdığını müşahidə ediblər.

Alimlərin apardığı eksperiment zamanı məlum olub ki, likopin xəstəliklər nəticəsində zədələnmiş damarlara yaxşı təsir göstərir. Eksperimentdə hər biri 36 nəfərdən ibarət 2 qrup iştirak edib. Birinci qrupa bu və ya digər ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən adamlar daxil olub. Onlara xolesterini azaldan preparatlar verilib. İkinci qrupun nümayəndələri tamamilə sağlam olublar.

Təcrübə nəticəsində qeydə alınıb ki, likopin qəbul edən pasiyentlərdə damar keçiriciliyi 53 faiz yaxşılaşıb. Beləliklə, alimlər sübuta yetiriblər ki, bu piqment damar sisteminin zədələnmiş hissələrini bərpa edir.

Alimlər Aralıq dənizi pəhrizinin səmərəliliyini bu mətbəxdə tərkibində likopin piqmenti olan pomidorlara geniş yer verilməsi ilə izah edirlər. Daim pomidor yeyən adamlar ürək-damar patologiyalarından xeyli az əziyyət çəkirlər.

azertag.az