Minskdə Belarus və Azərbaycanın birgə yaradıcılıq işi olan “Kleopatra” baletinin premyerası olacaq
9.6.2016

İyunun 9-10-da Belarus Dövlət Akademik Musiqili Teatrında Qelsyat Şayqulovanın “kleopatra” baletinin premyerası olacaq. Teatrın bədii rəhbəri, Belarusun Əməkdar Mədəniyyət İşçisi Adam Murziç bu barədə mətbuat konfransında məlumat verib.

İki hissədən ibarət olan “Kleopatra” baleti Belarus və Azərbaycanın birgə yaradıcılıq işidir. A.Murziçin sözlərinə görə, bu tamaşa qardaş Azərbaycanla yaradıcılıq əlaqələrinin daha da möhkəmlənməsinə kömək edir. A.Murziç vurğulayıb: “Bu, azərbaycanlı sənətkarlarla bizim birgə hazırladığımız üçüncü tamaşadır”. Teatrın bədii rəhbəri qeyd edib ki, Kleopatra haqqında balet Belarusda bu mövzuda ilk tamaşadır. Əsərin quruluşçu baletmeysteri, Azərbaycanın Xalq Artisti Mədinə Əliyeva səhnədə çox cəlbedici tamaşa yaratmağa çalışıb. Onun sözlərinə görə, münasib xoreoqrafiya və stilistika axtarışları xeyli davam edib, çünki bu tamaşada Misir üslubunu gözləmək lazım idi. Tamaşanın iştirakçıları çox ciddi işləməli olublar, çünki rəqslərin çoxunu eyni artistlər ifa edir. Quruluşçu rəssam İnarə Aslanovanın dekorasiyaları tamaşaçının eramızdan əvvəl 50- ci illərdə qədim Misir mühitinə düşməsinə kömək edəcək.

Librettonun əsasını tarixdə ən məkrli qadınlardan biri kimi tanınmış Kleopatra haqqında əhvalatlar təşkil edir. Bu qadının həyatının, sevgisinin və faciəvi ölümünün tarixçəsi hələ də sirr qalır. İki min ildən çoxdur ki, Kleopatranın romantik obrazının sirrini aça bilmirlər. Lakin həm qədim dövrün, həm də zəmanəmizin tarixçilərinin fikrincə, Misir şahzadəsi ağıllı, hökmlü, cazibədar, çox ötkəm və zabitəli qadın olub.

Tamaşada iki orkestr heyətindən və ritm qrupundan istifadə edilib. “Kleopatra” baletinin yaradıcı heyəti əmindir ki, tamaşa maraqla qarşılanacaq.

azertag.az