Təhsil Nazirliyi və IDEA İctimai Birliyinin məktəblərin həyətyanı sahələrinin yaşıllaşdırılmasına həsr olunmuş “Yaz həyəti” layihəsi uğurla başa çatıb.
IDEA İctimai Birliyindən verilən məlumata görə, layihə çərçivəsində tələbə və şagirdlər məktəblərdə 12 minə yaxın ağac və kol bitkiləri əkib, həyətyanı sahələrdə abadlıq işləri görüblər. Layihədə iştirak edən hər bir təhsil müəssisəsinə IDEA İctimai Birliyi tərəfindən xüsusi quş yuvaları təqdim olunub.
Təhsil Nazirliyi və IDEA İctimai Birliyi layihədə iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki 26 ümumi təhsil müəssisəsi arasında müsabiqə keçirib. Müsabiqənin şərtlərinə əsasən, ən səliqəli və gözəl salınmış “Yaz həyəti”nin aid olduğu məktəblər seçilərək qalib elan edilib. Qaliblərə xüsusi diplom və hədiyyələr təqdim olunub.
“Yaz həyəti” layihəsi Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumilikdə 15 ali və 26 orta təhsil müəssisəsini əhatə edib. Bu təşəbbüs təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsil alanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, məktəbli və tələbələrin ekoloji biliklərinin dərinləşməsinə, onlarda təbiətə həssas münasibətin formalaşmasına töhfə verib.
azertag.az