Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlərlə test imtahanı keçirilir.
Test imtahanı iyunun 9-da bütün namizədlərlə vahid auditoriyada – “Bakı Kristal Zalı”nın Mətbuat Mərkəzində təşkil olunur.
Hakimliyə qəbul üçün imtahanda 760 namizəd iştirak edir.
Test tapşırıqları bilavasitə imtahan keçirilən zalda müşahidəçilərin, mətbuat nümayəndələrinin, namizədlərin iştirakı ilə təsadüfi yolla - lototron vasitəsilə Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış test sualları bankından seçilib və yerindəcə namizədlərin sayına uyğun çoxaldılıb.
Sual kitabçası 100 test tapşırığından ibarətdir və onların cavablandırılmasına dörd saat vaxt ayrılıb. Cavab kartlarının emalı imtahan başa çatdıqdan dərhal sonra imtahan zalında həyata keçiriləcək və nəticələr elan ediləcək. Altmış və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılacaqlar.
Müvəffəqiyyət əldə etmiş namizədlər imtahanın sonrakı mərhələsində təqdim olunmuş mövzular əsasında yazı işi yerinə yetirməlidirlər. Daha sonra namizədlərlə şifahi müsahibə keçiriləcək və tələb olunan şərtləri ödəyən namizədlər tədris kurslarına göndəriləcək.
azertag.az