Ustad aşığa həsr olunmuş kitabın təqdimatı keçirilib
10.6.2016

Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşəbbüsü ilə Qaradağ rayonunun Qobustan qəsəbə Mədəniyyət evində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, ustad aşıq Xanmusa Musayevə həsr olunmuş “Mən köçsəm də, bu dünyada qalacaqdı aşıqlığım” adlı kitabın təqdimatı keçirilib.

AAB-nin mətbuat xidmətindən bildirilib ki, tədbirdə qurumun sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı ömrünün doqquzuncu onilliyini tamamlamaq üzrə olan ustad aşıq Xanmusa Musayevi təbrik edib. Onun Şirvan aşıq mühitində öz dəst-xətti ilə seçilən sənətkar olduğunu söyləyib.

Bildirilib ki, “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş “Mən köçsəm də, bu dünyada qalacaqdı aşıqlığım” adlı kitabın müəllifi AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovdur. Kitabda ustadın ömür yolundan bəhs edən yazılar, repertuarından dastanlar və haqqında mətbuatda dərc olunan məqalələr toplanıb.

Ustad aşığa həsr olunmuş kitabı yüksək dəyərləndirən M.Qasımlı kitabın nəşrinin səbəbkarı Əli Tapdıqoğlunun bu addımını şəyirdin öz ustadına ehtiramı və qədirşünaslığı kimi dəyərləndirib.

Tədbirdə çıxış edən digər natiqlər ustad aşığın bir sənətkar kimi özünəməxsusluğundan, keçdiyi sənət yolundan söz açıblar.

Təqdimat mərasimində aşıqlardan Əməkdar Mədəniyyət İşçisi Ağamurad Şirvanlı, Altay Məmmədli, “Çeşmə” qrupu və Əli Tapdıqoğlunun rəhbərliyi altında ustad aşığın yetirmələri öz ifaları ilə ustad aşığı təbrik ediblər.

Sonda ustad aşıq tədbirin təşkilatçılarına və iştirakçılarına, kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.

azertag.az