“Rənglər, duyğular, düşüncələr”in fonunda “Qohumlar” tamaşası
10.6.2016

İyunun 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Rənglər, duyğular, düşüncələr” adlı gənclərin rəsm sərgisi açılacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, sərgi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Dövlət Rəsm Qalereyasının birgə layihəsi çərçivəsində həyata keçiriləcək.

Sərgidə teatrın gənc və istedadlı rəssamları ilə yanaşı, Rəsm Qalereyasının 5 rəssamının da bir-birindən maraqlı əl işləri təqdim olunacaq.

Sərgidən sonra teatrda “Qohumlar” tamaşasının premyerası olacaq. Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar İncəsənət Xadimi Boris Manciyevin hazırladığı tamaşa kalmık dramaturqu Baatr Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirli tərəfindən səhnələşdirilib.

Səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjiyevdir.

İkihissəli tamaşada Xalq Artisti Yasin Qarayev, Əməkdar artistlər Şövqi Hüseynov, Elşən Rüstəmov, Naibə Allahverdiyeva, Nübar Novruzova, aktyorlar Mehriban Hüseynova, Simuzər Ağakişiyeva, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova və başqaları iştirak edəcəklər.

azertag.az