Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu beynəlxalq “ASSİTEJ” elektron jurnalının iyun ayı üçün növbəti xəbərlər bülleteninin elektron versiyası işıq üzü görüb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının iyunda həyata keçirdiyi layihələr və beynəlxalq teatr festivallarında iştirak etməsi barədə məlumatlar jurnalda çap olunub.
Bundan başqa, jurnalda teatrın yaradıcı heyətinin mayın sonlarında Rusiyanın Orenburq vilayətində keçirilmiş “Qostinıy dvor” VIII Beynəlxalq Teatr Festivalında iştirakı və Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə baş tutan qastrol səfəri haqqında ətraflı məlumat yer alıb. Həmçinin, jurnalda teatrın gənc və istedadlı aktrisası Asya Atakişiyevanın iyunun 1-dən 28-dək Rusiya Teatr Xadimləri İttifaqının və Rusiya Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbində iştirakı qeyd olunub.
Jurnalda ənənəvi olaraq teatrın Azərbaycanın bölgələrinə təşkil etdiyi qastrol səfərləri haqqında da məlumat verilib.
Qeyd edək ki, elektron jurnalda Beynəlxalq “ASSİTEJ”ə üzv olan dünyanın 108 aparıcı ölkəsindən teatr xəbərləri dərc olunur.
azertag.az