İyunun 14-də Səməd Vurğunun ev-muzeyində Zərəngiz Dəmirçi Qayalının “Oğul” kitabının təqdimatı keçiriləcək.
Kitabda şairənin son dövrlərdə yazdığı “Qurtuluş savaşı-Çanaqqala”, “Kazım Qara Bəkir Paşa” və şəhid Fariz Bədəlova həsr edilmiş balladaları, “Vahidim de, igidim de, şəhidim de” elegiyası dərc olunub. Bu əsərlərdə Türkiyənin məşhur Çanaqqala savaşı, ötən əsrin 18-ci illərində ölkəmizdə ermənilərin törətdikləri kütləvi qırğınların qarşısını alan igid türk komandanı Kazım Qara Bəkirin xilaskarlıq missiyasından söhbət açılır. Həmçinin, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı törədilən terror aktları nəticədə minlərlə günahsız həmvətənimizin həlak olması, yurdumuzun dilbər guşələrinin namərd düşmən tapdağı altında qalması bu əsərlərin əsas ana xəttini təşkil edir və oxucuda həyəcan, düşmənə nifrət hissi yaradır.
Kitabda verilmiş müxtəlif mövzulu 70-dən çox şeirdə, şairənin yaşantıları, həyata, insanlara, dünyaya, göz açdığı doğma ana yurdu Qazax torpağına sevgisi, “Fəxrimiz, sərvətimiz olan uşaqlar üçün” bölməsində gələcəyimiz olan uşaqlara həsr edilmiş əsərləri dərc olunub.
Kitabda, həmçinin şəhid Elgün İsmayılova həsr edilmiş “Oğul” və müəllifin bacısı, milli ordunun könüllü döyüşçüsü Vəfa Mansurovaya ithaf olunan “Vəfam mənim” (yenidən işlənilmiş variantı) poemaları da yer alib.
azertag.az