İyunun 9-da Kolumbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Marta Galindo Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən bildirilib ki, görüş zamanı Tərcümə Mərkəzi ilə Kolumbiyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi olan “Əvvəl dəniz vardı” (10 Kolumbiya şeiri) antologiyasının təqdimat mərasimi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud yerli oxucuların Latın Amerikası, o cümlədən Kolumbiya ədəbiyyatına marağından danışıb. O, xüsusən dünya şöhrətli kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin əsərlərinin ölkəmizdə çox sevildiyini diqqətə çatdırıb. A.Məsud “Əvvəl dəniz vardı” antologiyasında yer alan şeirlərin də yüksək bədii dəyərə malik olduğunu qeyd edib.
Öz növbəsində Marta Galindo Azərbaycan kitabxanalarında Markes yaradıcılığına olan maraqdan məmnunluğunu ifadə edib və bu böyük yazıçının “Patriarxın payızı” romanının hələ 1990-cı illərdə Tərcümə Mərkəzində kitab halında nəşr olunmasını ciddi hadisə adlandırıb. M. Qalindo qeyd edib ki, Azərbaycan ədəbiyyatı da bütün ispandilli ölkələrdə tanıdılmalıdır.
Bundan sonra qonağa Tərcümə Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Görüş zamanı layihənin davamı kimi, Azərbaycan şairlərinin şeirlərinin də ispan dilinə tərcümə olunaraq, Kolumbiyada nəşri məsələsi müzakirə olunub.
İlkin mərhələdə poeziya nümunələrinin sətri tərcümələri hazırlanacaq. İşin keyfiyyətini təmin etmək üçün sonrakı proses dil daşıyıcılarının – ispandilli şairlərin iştirakı ilə aparılacaq. Eyni zamanda azərbaycanlı və kolumbiyalı nasirlərin əsərləri də bu müştərək layihəyə cəlb olunacaq.
azertag.az