İyunun 10-da Cəfər Cabbarlı adına Gənclər Kitabxanasının təşkilatçılığı ilə Mikayıl Müşfiqin abidəsi önündə, açıq səma altında “Gənclər mütaliə edir” mövzusunda kitab sərgisi keçirilib.
Elm, ədəbiyyat, incəsənət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbirdə kitabxananın direktoru Tahir Sadıxov sərginin paytaxt sakinlərində, xüsusilə gənclərdə kitaba marağın artırılması, onların mütaliəsinin gücləndirilməsi üçün təşkil edildiyini bildirib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Lətifə Məmmədova, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə, yazıçı Şahlar Şuşalı və digər çıxış edənlər gənclərin maariflənməsində, şəhər əhalisinin kitaba marağının artırılmasında belə tədbirlərin böyük əhəmiyyəti olduğunu bildiriblər. Bu xeyirxah missiya üçün kitabxananın əməkdaşlarına və rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Hər zaman gənclərin maariflənməsi qeydinə qalan kitabxana əməkdaşları paytaxt oxucularına və xüsusilə gənclərə istədikləri kitabları pulsuz götürməyə icazə verib.
Sərgidən daha çox faydalanan tələbələr olub. Onlar axtardıqları kitabların çoxunu sərgidə tapdıqlarını söyləyiblər.
azertag.az