Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunub.
Səbail Rayon İcra Hakimiyyətindən bildiriblər ki, əlamətdar günlə əlaqədar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında möhtəşəm bayram konserti təşkil olunub.
Tədbir Səbail rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin kollektivlərinin, Milli Məclis deputatlarının, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin, KİV nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilib.
Tədbirdə qeyd olunub ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilib. Prezident İlham Əliyev bu strategiyanı uğurla inkişaf etdirir, Azərbaycan daha da möhkəmlənir və qüdrətlənir.
Bayram tədbirində respublikamızın Xalq Artisti Teymur Göyçayevin rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə Xalq Artisti Azər Zeynalovun, Əməkdar artistlər Ramil Qasımovun, Elnarə Abdullayevanın, İlahə Əfəndiyevanın, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Aytac Şıxəlizadənin və Səbail rayonu 12 saylı musiqi məktəbinin şagirdi Murad İbrahimovun ifasında dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri, xalq mahnıları səsləndirilib.
Sonda möhtəşəm atəşfəşanlıq olub.
azertag.az