Görkəmli alim Bəkir Nəbiyevin şəxsi fondu zənginləşdirilir
10.6.2016

Görkəmli tənqidçi və ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyevin elmi yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edilib.

Arxivin direktor müavini Aslan Kənan bildirib ki, sənədlər sırasında akademikin əlyazmaları, dövri mətbuatda dərc edilmiş məqalə və müsahibələri, dövlət və ictimai tədbirlərdəki məruzə və çıxışları, eyni zamanda müxtəlif müəlliflərin alimin yaradıcılığı və digər mövzularda yazdıqları məqalələr, həyat və ictimai fəaliyyətini əks etdirən sənədlər, fotoşəkillər yer alıb.

Həmçinin təqdim olunan sənədlər içərisində zəhmətkeş alimin Nəsimi, Xəqani, C.Məmmədquluzadə, Ə.Cavad və digər klassiklərimizin həyat və yaradıcılığını əks etdirən tədqiqat əsərləri ilə yanaşı, son fundamental əsəri olan və ölümündən sonra işıq üzü görən Üzeyir Hacıbəyliyə həsr olunmuş “Ömürnamə” kitabı üçün topladığı arxiv materialları da diqqəti xüsusilə cəlb edir.

Bildirilib ki, Bəkir Nəbiyevin şəxsi sənədləri daha əvvəllər də Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə daxil olub. Bu, yeni sənədlər isə görkəmli alimin şəxsi fondunu daha da zənginləşdirəcək.

Sənədləri arxivə alimin qızı Leyla Nəbiyeva təqdim edib.

azertag.az