Musiqili Teatrın aktrisası beynəlxalq festivalda diplomla təltif olunub
10.6.2016

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Əməkdar Artist Nərgiz Kərimova Ukraynada keçirilən beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib.

Teatrın mətbuat xidmətindən bildirib ki, aktrisa IV “O-FEST” Beynəlxalq opera, operetta və müzkl festivalındakı çıxışına görə diplomla təltif olunub. Aktrisanı bu mötəbər tədbirə Kiyev Akademik Operetta Teatrı dəvət edib. Bir çox beynəlxalq müsabiqələrin laureatı olan Nərgiz Kərimova sözü gedən festivalın qala gecəsində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın “Maritsa” əsərindən Maritsanın ariyasının ifa edib.

Festivalda ölkəmizlə yanaşı, Çin, ABŞ, Belarus, Rumıniya, Moldova, Polşa, Gürcüstan, Sloveniya, Çexiya, Estoniya, Bolqarıstan, Litva, Finlandiya, Qazaxıstan və başqa ölkələrin tanınmış sənətçiləri də çıxış ediblər.

azertag.az