Günəş sistemindən uzaqda olan ulduzun ətrafındakı toz buludu və müəmmalı şəkildə yoxa çıxmışdır
5.7.2012

Günəş sistemindən uzaqda olan ulduzun ətrafındakı toz buludu müəmmalı şəkildə yoxa çıxmışdır.

TYC 8241 2652 1 ulduzunun ətrafı qaz və tozla dolu idi. ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimlərinin dediklərinə görə, həmin ulduzun ətrafı yeni planetar sistemin formalaşması üçün ideal mühit idi. İndi isə həmin məkan bomboşdur.

Sözügedən ulduz Yerdən 450 işıq ili uzaqlıqda, Kentavr ulduz topasındadır. 10 milyon yaşı olan bu planet 4,5 milyard yaşlı Günəşin “kiçik bacısı” sayılırdı.
ABŞ-dakı Kaliforniya Universitetinin professoru Mark Sukermanın dediyinə görə, Çilidəki “Gemini” rəsədxanası və orbital zondlarla aparılmış müşahidələr həmin planetin ətrafındakı toz topasının infraqırmızı şüalanma intensivliyinin tədricən azaldığını, sonra da tam yoxa çıxdığını göstərmişdir.

Sukerman hesab edir ki, planetin ətrafındakı toz başqa səma cismi ilə toqquşma nəticəsində yoxa çıxmışdır. Toz buludu qeyb olandan sonra planetin özü də parçalanmağa başlamışdır.

AzərTAc