ABŞ-da Nyu York şəhərinin ən bahalı dairəsi may ayında satılmışdır. Ancaq 1.015 kvadratmetrlik ikili dairəni kimin aldığı və nə qədər pul ödədiyi sirr kimi saxlanılmışdır.
Nyu Yorkun mərkəzində "Central Park"a baxan və möhtəşəm bir şəhər mənzərəsinə sahib olan "The one57" adlı göydələnin 89 və 90-cı mərtəbələrindəki dairəni Qətərin Baş naziri Şeyx Hamad Min Casim Əl Danının 100 milyon dollara satın aldığı məlum olmuşdur. Qətər şeyxi eyni binadan daha 4 dairə almaq niyyətindədir.
İki həyat yoldaşı olan və 15 uşaqlı Baş nazir Əl Danının aldığı dairədə hər cür lüks şərait vardır. 14 yataq otaqlı super lüks dairə, nəhəng bir salon, böyük bir mətbəx, 4 buxarı və 132 şərablıq bir zirzəmiyə sahibdir. 2013-cü ildə tamamlanacaq göydələndə Əl Danının 250 milyon dollar ödəyərək daha 4 dairə satın almağı planlaşdırdığı söylənilir.
O, iki ay əvvəl "Fifth Avenue" və 72-ci küçənin birləşdiyi ərazidə iki dairəni 31,5 milyon dollara almaq istəmiş, ancaq bina rəhbərliyi təşkilatı satışı təsdiqləmədiyindən bu mümükün olmamışdır.
AzərTAc