Belarusun Milli Akademik Böyük Opera və Balet teatrı məşhur bəstəkar Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin premyerasını təqdim edib.
“Böyük teatrda balet yayı” adlı III illik festival gözəl şərq əfsanəsi əsasında yaradılmış “Eşq və ölüm” baleti ilə açılır. Tamaşanın yaradıcı heyəti və quruluşçuları həyat və ölüm, tale və borc, xoşbəxtlik və dərd, qələbələr və məğlubiyyətlər haqqında, ən başlıcası - hətta ölümdən də güclü olan əbədi, məğlubedilməz sevgi haqqında suallara cavab veriblər.
Polad Bülbüloğlu “Eşq və ölüm” baletini özünün şah əsəri adlandırır. Baletin ilk səhnə təcəssümü Bakıda (2005-ci ildə, yeni quruluşda - 2015-ci ildə), ikinci dəfə Yekaterinburqda (Rusiya, 2008-ci il) təqdim edilib. Bu dəfə coğrafiyası daha da genişlənmiş balet xoreoqraf, beynəlxalq müsabiqələr laureatı Olqa Kostelin quruluşunda Belarus səhnəsinə yol açıb.
Belarusun əsas səhnəsində baletin premyerası anşlaqla keçib.
azertag.az