Bakıda “Dostlar asimanda görüşür” adlı folklor rəqs festivalı təşkil olunub
13.6.2016

İyunun 11-də Heydər Əliyev Sarayında “Asiman“ rəqs qrupunun yaranmasının 20 illik yubileyinə həsr edilmiş “Dostlar asimanda görüşür” adlı folklor rəqs kollektivlərinin konserti keçirilib.

Yubiley konsertində Azərbaycan, Rusiya, İran və Gürcüstanın tanınmış rəqs kollektivləri çıxış ediblər.

Bildirilib ki, 4 yaşından 25 yaşınadək uşaq, yeniyetmə və gəncləri özündə birləşdirən “Asiman” kollektivi 20 illik fəaliyyəti dövründə qədim və müasir Azərbaycan folklor rəqslərini layiqincə tanıdıb. Kollektiv üzvləri rəqslərimizi Türkiyə, İran, Gürcüstan, İtaliya, İspaniya, Bolqarıstan kimi 20-dən çox ölkədə təbliğ edib. Təkcə Heydər Əliyev Sarayında 12-dən çox solo konsert verib. 2014-cü ildə Bolqarıstanda keçirilən rəqs müsabiqəsində Qran-priyə, “Qızıl Orfey” mükafatına layiq görülüb.

Yubiley konsertində “Asiman” (Azərbaycan), “Kameliya” (Rusiya), “Suvar” (Dağıstan) və “Bolneli”, “Qurdjaan” (Gürcüstan) rəqs kollektivlərinin ifasında təqdim olunan folklor (etnik) rəqslər və rəngarəng çıxışlar maraqla qarşılanıb.

Konsertdə Rusiyanı təmsil edən azyaşlı ifaçı Sabina Məmmədovanın çıxışı da alqışlara səbəb olub.

Konsert “Asiman” rəqs kollektivinin “Mənim Azərbaycanım” kompozisiyası ilə yekunlaşıb.

azertag.az