100 il əvvəl buraxılmış avtomobil 7,3 mln. dollara satılıb
5.7.2012

Böyük Britaniyanın Qərbi Susseks qraflığında keçirilən illik Qudvud avtomobil festivalında (“Goodwood Festival of Speed”) 1912-ci ildə buraxılmış “Rolls-Royce Silver Ghost” avtomobili 4,7 mln. funt-sterlinqə (7,3 mln. dollara) satılıb.

The Daily Mail”ə istinadən verilən xəbərə görə, yüz il əvvəl avtomobil ilk sahibinə cəmi 1000 funt-sterlinqə başa gəlibmiş.

Ekspertlərin fikrincə, avtomobil hərracda 2 mln. funt-sterlinqə də satıla bilərmi. Amma iki alıcının inadkarlığı onun qiymətini rekord həddə çatdırıb.

Saatda 95 km-dək sürətlə hərəkət edə bilən “Rolls-Royce Silver Ghost” 100 km məsafəyə 40 litr benzin sərf edir. Onun üçpilləli sürət qutusu və arxa ötürücüsü var. Avtomobilin interyerində ipək, gümüş və fil sümüyündən istifadə olunub.

Qeyd edək ki, “Goodwood Festival of Speed”də ən baha (5 mln. funt-sterlinq) satılan avtomobil saatda 200 km sürətlə hərəkət edə bilən 1929-cu ildə buraxılmış “Bentley Blower” olub.

APA