Xəzərdə nərəkimilərin ovlanmasına moratorium qoyulmasını nəzərdə tutan saziş hələ hazır deyil və hazırda bu sənəd üzərində iş gedir.
Bu barədə Xəzər dənizinin Su Bioresursları Komissiyasının daimi üzvü Tariyel Məmmədli bildirib.
Onun sözlərinə görə, moratoriumun neçə il müddətinə tətbiq ediləcəyi həmin sazişdə əksini tapacaq: “Noyabrın sonlarında Bakıda Xəzər dənizinin Su Bioresursları Komissiyasının 33-cü iclası keçiriləcək. Həmin iclasda Xəzərdə nərəkimilərin ovlanması ilə bağlı moratoriumun necə il müddətinə tətbiq olunması məsələsi bir daha müzakirə ediləcək”.
T. Məmmədli onu da deyib ki, hazırda Azərbaycan Xəzər dənizində nərəkimiləri yalnız elmi tədqiqat və balıq artırma məqsədilə ovlayır: “Xəzər dənizinin Su Bioresursları Komissiyasının Bakıda keçirilən 32-ci iclasında komissiyanın səlahiyyətləri daxilində Xəzər dənizində nərəkimilərin sənaye ovuna qadağa qoyulması ilə bağlı Xəzəryanı ölkələr tərəfindən razılığa gəlinib və buna əməl edirik”.
Qeyd edək ki, moratoriumla bağlı Qazaxıstan tərəf 5 il, Azərbaycan isə 10 il müddətin müəyyənləşməsini təklif edir.
APA