Oktyabrın 15-də Heydər Əliyev Sarayında Ankara teatrının təqdimatında, Bakıda ilk dəfə “Keloğlan nağılları” müzikl-tamaşanın təqdimatı keçiriləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, yalnız bir gün və iki seans olacaq müzikl-tamaşa rəqsləri, qəhrəmanları, həyəcan verici mövzusu ilə uşaqlara, həmçinin də böyüklərə möhtəşəm əyləncə vəd edir.
Tamaşanın süjet xətti belədir: Nağıllar kəndində illərcə alma şəkəri festivalı keçirilsə də Qara vəzirin qorxusundan bu festival yasaqlanır. Bunu öyrənən Keloğlan və dostları, Qara vəzir və mühafizəçilərinə baxmayaraq alma şəkəri festivalını reallaşdırmağı qərarlaşdırırlar. Onların bunu bacarıb-bacarmayacağını uşaqlar interaktiv müzikl-tamaşaya baxdıqdan sonra öyrənə biləcəklər.
Saat 12:00 və 15:00-da başlayacaq müzikl-tamaşanın biletlərini şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
azertag.az