Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin təşəbbüsü ilə yaradılmış “Viktoriya” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Melburn şəhərində “Azərbaycan Evi”nin açılış mərasimi keçirilib.
Tədbirdə Viktoriya ştatının multikulturalizm məsələləri və eyni zamanda maliyyə naziri Robin Skot, ştat hökumətinin multikulturalizm məsələləri üzrə kölgə naziri xanım İnqa Peuliç, federal parlamentin Viktoriya ştatından deputatı, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Alan Qriffin, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, səfirliyin əməkdaşları, Melburn şəhərində yaşayan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir R.Cəmşidov Melburn şəhərində və ümumiyyətlə Avstraliyada ilk dəfə “Azərbaycan Evi”nin fəaliyyətə başlamasının əlamətdar hadisə olduğunu bildirib. “Azərbaycan Evi”nin məhsuldar fəaliyyət göstərəcəyinə, Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin təbliğinə və Viktoriya ştatında yaşayan Azərbaycan diasporu nümayəndələrinin bir araya toplanmasında mühüm rol oynayacağına əminliyini ifadə edən diplomat səfirlik tərəfindən daim hərtərəfli dəstəyin göstəriləciyini vurğulayıb.
Tədbirdə çıxış edən nazir R.Skot, A.Qriffin və İ.Peuliç əlamətdar hadisə münasibətilə Melburn şəhərində yaşayan həmvətənlərimizi təbrik ediblər. Çıxışlar zamanı bildirilib ki, iki yüzdən çox millətin nümayəndələrinin yaşadıqları Melburn şəhərində “Azərbaycan Evi”nin açılması şəhərin çoxmədəniyyətli simasına öz töhfəsini verəcək.
Sonra Assosiasiyanın üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirdə Azərbaycana dair müxtəlif videoçarxlar nümayiş etdirilib, milli mətbəx nümunələri, şirniyyatlar, Azərbaycan istehsalı olan içkilər təqdim olunub.
Tədbir zamanı “Viktoriya” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbərliyi və idarə heyətinin tərkibi seçilib. Melburn şəhərində yaşayan gənc azərbaycanlı, Viktoriya ştatının Xəzinə və Maliyyə Nazirliyinin əməkdaşı Rəşad Həsənov təşkilatın rəhbəri seçilib.
“Azərbaycan Evi”nin yerləşdiyi inzibati sahə ötən əsrin 90-cı illərində Azərbaycandan Avstraliyaya köçmüş iş adamı Aleksandr Zemlinski tərəfindən “Viktoriya” Azərbaycan Mədəniyyət Assosiasiyasına təmənnasız verilib.
azertag.az