Əməkdar Mədəniyyət İşçisi Elbrus Vahidovun 65 illik yubileyi keçirilib
14.6.2016

İyunun 13-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ömrünün 47 ilini kinomuza xidmətdə keçirən, istedadlı qrim rəssamı, Əməkdar Mədəniyyət İşçisi Elbrus Vahidovun anadan olmasının 65 illik yubileyi qeyd olunub.

Kinostudiyadan bildirilib ki, respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə sənətkarın keçdiyi həyat yolundan və Azərbaycan kino tarixindəki xidmətlərindən danışılıb.

Qeyd olunub ki, Xalq Artisti Adil İsgəndərovun “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaratdığı 3 illik kinoaktyorluq kurslarında aldığı təhsil E.Vahidovu aktyor kimi də məşhurlaşdırıb.

Vurğulanıb ki, E. Vahidov əmək fəaliyyətinə başladığı “Azərbaycanfilm” kinostudiyasında 50-dək bədii filmdə müxtəlif xarakterli obrazlar yaradıb.

O, “Tütək səsi”, “Ad günü”, “Xoşbəxtlik qayğıları”, “Yeddi oğul istərəm”, “Uzun ömrün akkordları”, “Özgə ömür”, “Yaramaz”, “Təhminə”, “Özgə vaxt”, “Yalan”, “Tərsinə çevrilən dünya”, “Otel otağı”, “Sübhün səfiri” və onlarla başqa filmlərdə gərgin yaradıcılıq axtarışları hesabına, qrimdən, rənglərdən səmərəli istifadə etməklə rejissorların istədiyi obrazı ərsəyə gətirib.

Onun uğurlu yaradıcılıq fəaliyyəti ən məşhur və tələbkar kinorejissorlarımız tərəfindən həmişə yüksək qiymətləndirilib.

Yubilyar sonda bütün tədbir iştirakçılarına minnətdarlığını bildirib.

azertag.az