Amerikanın məşhur “Kronos” Kvartetinin saytında kollektivin yeni dünya turnesinə start verməsi barədə məlumat yerləşdirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən bildirilib ki, dünyanın məşhur bəstəkarlarının əsərlərindən təşkil olunmuş turnenin repertuarında Xalq Artisti, professor Firəngiz Əlizadənin də əsəri yer alıb. Turne ilə bağlı ətraflı məlumatı “kronosquartet.org” saytından əldə etmək olar.
Qeyd edək ki, cari ilin fevralında San-Fransiskoda “Kronos” Kvartetinin ifasında Firəngiz xanımın “Rəqs” əsərinin premyerası böyük müvəffəqiyyətlə baş tutub.
Görkəmli bəstəkarımızın bu əsəri sonradan Kanadanın bir çox şəhərlərində ifa olunmaqla yanaşı, Amsterdam, Mayorka, Krakov, Paris, Bratislava, Pekin, Şanxay və Avropa ilə Asiyanın digər şəhərlərində müasir musiqi pərəstişkarlarına müvəffəqiyyətlə təqdim olunub.
Firəngiz Əlizadənin yaradıcılığı ilə bağlı yeniliklər bununla bitmir. Belə ki, bu günlərdə Avstriyanın məşhur “ORF” radiosunda bəstəkarımızın yaradıcılığına həsr edilən 45 dəqiqəlik veriliş dünyanın müxtəlif dillərində yayımlanıb. Bu verilişdə F.Əlizadənin yaradıcılıq yoluna ekskursiya olunub və onun “Schwindende Schönheit” (“Qeyb olmuş gözəlliklər”) əsərinin ifasından sonra geniş müzakirələr aparılıb.
Yeri gəlmişkən, Firəngiz xanımın multikultralizmin tərənnümünə həsr etdiyi bu yeni əsərinin bir müddət əvvəl həm Almaniyada, həm də Avstriyada premyerası olub. Belə ki, sözügedən əsər martın 11-də Münxendə Bavariyanın “Sonorizzonte” ansamblının, martın 21-də isə Vyananın “ORF” studiyasının zalında Avstriyanın “Ensemble Plus” musiqi kollektivi tərəfindən ifa olunub.
“ORF” radiosundakı müzakirələrə qatılan bəstəkarımız Şərqdə baş verən müharibələr səbəbindən məhv olmuş, dağıdılmış gözəlliklərdən, tarixi abidələrdən, muzeylərdən bəhs olunan əsərin meydana çıxmasını belə xarakterizə edib:
“Təəssüf ki, biz elə bir dövrdə yaşayırıq ki, bütöv sivilizasiyalar, mədəniyyətlər dağıdılır, məhv edilir, tarixdən silinir. Mənim vətənim Azərbaycanda yüzlərlə tarixi abidələr, muzey eksponatları, dini məkanlar və digər mənəvi dəyərlərimiz dağıdılıb, qəsb edilib. Dünya miqyasında da çoxsaylı belə hadisələrə rast gəlirik... Başqa bir misal kimi, illər boyu öz gözəl təsvirləri ilə bizim coğrafiya kitablarımızın cildini bəzəyən qədim Palmira şəhərini də göstərmək yerinə düşər. Mən həmişə bir gün ora getməyi Palmiranın mistik gözəlliklərini görməyi arzu etmişəm. Bu artıq mümkün olmayacaq, çünki Palmira həmişəlik yox olub. Maraqlıdır, daha hansı mədəni dəyərlər yoxa çıxacaq? Bu faciələr silsiləsini nə vaxt dayandıra biləcəyik? Münxenin “Sonorizzonte” ansamblı üçün yazılmış, “Schwindende Schönheit” əsərində mən bu suallara cavab axtarmışam”.
azertag.az