1919-cu il. Xalq Cümhuriyyətinin parlamenti ölkədə hərbi vəziyyətin elan olunması barədə qərar qəbul edib. Baş nazir Nəsib Usubbəylinin rəhbərlik etdiyi Dövlət Müdafiə Komitəsinə fövqəladə səlahiyyətlər verilib. Muğandakı bolşevik təmayüllü qiyamın, ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarının yatırılması üçün bu bölgələrə ordu hissələri göndərilib.
1888-ci il. İctimai-siyasi xadim, publisist Camo bəy Hacınskinin doğum günü (1888-1942). Camo bəy Hacinski Azərbaycan Xalq Cümhuriyyətində poçt və teleqraf naziri vəzifəsində çalışıb. Sovet dövründə mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirib. 1922-1928-ci illərdə həbsdə olub. 1938-ci ildə yenidən həbs edilərək sürgün olunub və 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat edib. 1956-cı ildə ona ölümündən sonra bəraət verilib.
1794-cü il. Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazehin doğum günü (1794-1852). Vazehin poeziyası özünün xəbəri olmadan Avropaya yayılıb və şöhrət qazanıb. Alman şərqşünas-səyyah Bodenştedt Mirzə Şəfi Vazeh qəzəllərini tərcümə edərək öz imzası altında nəşr etdirib. Yalnız xeyli sonra o, nəşr etdirdiyi poetik incilərin Vazehə məxsus olduğunu etiraf edib.
1946-cı il. Cənubi Azərbaycanda (Təbriz) Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti süqut edib.
1945-ci ilin 12 dekabrında (21 Azər hərəkatı) elan edilən solçu təmayüllü Pişəvəri hökumətinə ilk mərhələdə bölgədəki sovet qoşunları tərəfindən müəyyən dəstək vardı. Lakin II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları bölgəni tərk etdilər və Milli Hökumətə qarşı şah rejimi tərəfindən geniş repressiyalar başlandı. Bir qrup məsləkdaşı ilə sovet Azərbaycanına mühacirət edən Pişəvəri burada müəmmalı avtomobil qəzasında həlak oldu.
1926-cı il. Tanınmış tarzən, Azərbaycanın Xalq Artisti (1983) Həbib Bayramovun doğum günü (1926-1994). 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək ansamblın bədii rəhbəri olub.
1928-ci il. Argentinalı marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevaranın doğum günü (1928–1967). Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuşdur. Adındakı “Çe” hissəciyi Kuba partizanları tərəfindən verilmişdir, argentinalılar üçün xarakterik müraciət forması olub, “ey”, “dost” və s. mənalarda işlənir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
1985-ci il. Beş Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında saziş imzalanıb. 26 mart 1995-ci il tarixdən qüvvəyə minib.
14 iyun - Dünya Donor Qanı Günü.
Hər il iyunun 14-də qeyd olunan Dünya Donor Qanı Günü 2005-ci ilin mayında Dünya Səhiyyə Assambleyasının 58-ci sessiyasında təsis edilib. 1868-ci ilin həmin günü avstriyalı həkim-immunoloq Karl Landşteyner anadan olub. O, insan qanı qruplarının kəşfinə görə 1930-cu ildə Nobel mükafatına layiq görülüb.
Dünya Donor Qanı Gününün iyunun 14-də qeyd edilməsi dörd beynəlxalq təşkilatın - könüllü və pulsuz qan verməyə çağıran Dünya Səhiyyə Təşkilatının, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının, Beynəlxalq Donor Qanı Təşkilatları Federasiyasının və Beynəlxalq Qanköçürmə Cəmiyyətinin təşəbbüsü olub.
azertag.az