Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva “İolanta” operasının premyerasında çıxış edəcək
14.6.2016

İyunun 23-dən 26-dək Rusiya Böyük Teatrında P.Çaykovskinin “İolanta” operasının premyerası olacaq.

İyunun 24-də və 26-da bu səhnə əsərində İolanta obrazını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı keçirilib.

Dinara Əliyeva konsertlərdə müxtəlif janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.

azertag.az