İyunun 25-26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü və Əsli Səmədovanın kuratorluğu ilə “Ailə festivalı” adlı tədbir keçiriləcək.
Xalça Muzeyindən bildirilib ki, “Ailə festivalı” adlı tədbirin proqramı müxtəlif yaş həddinin maraqlarına cavab verəcək. Tədbirin qonaqları Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarixi və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Burada eyni zamanda, xalçanın yaranma prosesi ilə tanışlıq, ekspozisiya guşələrində müxtəlif maraqlı müsabiqələrin, muzeydə düzgün davranış və eksponatların dərk edilməsi məqsədilə oyunların keçirilməsi nəzərdə tutulub.
Festivalın yüksək səviyyədə təşkili və keçirilməsi üçün muzeyin əməkdaşları ilə bərabər Əsli Səmədovanın təşəbbüsü ilə buraya cəlb edilən könüllülər də iştirak edəcəklər. Bu yeni təşəbbüs muzey məfhumunu genişləndirərək, onu ailəvi istirahət üçün maraqlı etmək məqsədi daşıyır. “Ailə festivalı”nın keçirilmə ideyası mədəni vakuumun doldurulmasında və ölkəmizdə ailəvi asudə vaxtın mədəni və əyləncəli keçirilmə məkanı kimi muzeylərin məşhurlaşmasında ilk addım olacaqdır. İlk təşəbbüs Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində baş tutacaq.
Muzeyin nəzdində olan uşaq muzeyi şöbəsi bu festival üçün, xüsusi olaraq valideyn və uşaqlar üçün maraqlı oyunlar, açıq dərslər hazırlayıb. Azərbaycan Xalça Muzeyinin bələdçiləri muzey kolleksiyası və xalça tarixi barədə 20 dəqiqəlik mini ekskursiyalar təqdim edəcəklər.
Tədbir proqramında əlavə olaraq uşaqlarla çalışan xüsusi qonaq kimi dəvət olunmuş təşkilatların (“Təməl Education Center” uşaq mərkəzi, “XXI Əsr Art Studio”), xalça və parça sənayesi növlərini öyrənən həvəskarların (milli geyim və kəlağayı kolleksiyaçıları Ruslan Hüseynov və Fuad Cəbrayılov), masaüstü oyun yaradıcılarının (Sənan Mahmudov və Ayla Mirzəzadə), illüstrasiya və animasiya üzrə rəssam Aidə Əmirovanın və başqalarının iştirakı da nəzərdə tutulur.
Festival çərçivəsində Əsli Səmədovanın təşəbbüsü, UNESCO-nun və xarici muzeylərin dəstəyi ilə “Milli İrsimiz” layihəsi Nyu-Yorkun Metropolitan muzeyinin ailə turu motivi əsasında hazırlanmış “Detallarda gözəllik” adlı xüsusi ailəvi marşrut xəritəsinin, Londonun Viktoriya və Albert Muzeyinin əlaqələndirici oyunlarının, muzey kolleksiyasını əks etdirən foto-ovların, xüsusi rəngləmə və pazların, “Art-detektiv” müsabiqələrinin nümayişini təqdim edəcəkdir. Bundan başqa, ölkəmizdə ilk dəfə olaraq Elm Mərkəzlərinin və Muzeylərinin Avropa Assosiasiya (ECSITE) üzvlərinin materialları əsasında açıq dərslər və oyunlar məhz bu festivalda təqdim olunacaq. Festival çərçivəsində zaman səyahətləri barədə “Əli və Zümrüdün sehrli xalçası” nağılı müəllif tərəfindən oxunacaq və XVIII əsrdə Şuşada “Əjdaha” xalçalarının yaranması sirləri açıqlanacaq.
Tədbirlərin əksəriyyəti 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub, lakin məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuş oyunlar da vardır. Oyunların bir çoxu məktəbəqədər uşaqlar olduğu halda valideynlərin iştirakını da nəzərdə tutur.
Biletləri əvvəlcədən və ya festival günlərində muzeyin kassasından əldə etmək olar.
azertag.az