Ecazkar Azərbaycan musiqisi növbəti dəfə Yaponiyada səslənib
21.6.2016

Ecazkarlığı ilə dünyanı heyran qoyan Azərbaycan musiqisi növbəti dəfə Yaponiyada səslənib.

Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə Kanaqava prefekturasının Saqami Qızlar Universitetində “Nəfəsli Alətlər Orkestrinin 50 illik yubileyi”nə həsr olunan konsert keçirilib.

Konsertdə həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərova-Azumanın və nəfəsli alətlər orkestrinin ifasında Azərbaycanın dünyaca məşhur bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Sevda İbrahimovanın əsərləri səslənib. Saqami yuxarı sinif məktəbinin məzunlarından ibarət olan orkestrə dirijorluğu orkestrin direktoru Syuci Yacima edib.

Əvvəlcə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iki minə yaxın tamaşaçının toplaşdığı tanınmış “Gren hall”da iştirakçıları salamlayıb. Azərbaycan-Yaponiya dostluq münasibətlərinin əhəmiyyətini qeyd edən səfir, mədəniyyət sahəsində qarşılıqlı mübadilənin iki ölkənin xalqları arasında yaxın dostluq münasibətlərinin daha da inkişaf etməsinə töhfələr verəcəyini vurğulayıb.

Ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə malik olduğu, Azərbaycan bəstəkarlarının dünya klassik musiqisində özünəməxsus yer tutduğu vurğulanıb.

Diplomat tədbirin yüksək səviyyədə təşkilinə görə musiqi məktəbinin rəhbərliyinə, azərbaycanlı pianoçuya, eləcə də tamaşaçılara minnətdarlığını bildirib.

Yubiley tədbirində həm Azərbaycan musiqi nümunələri, həm də orkestrin üzvləri tərəfindən hazırlanan rəngarəng proqram tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.

azertag.az