21 İYUN
21.6.2016

1992-сi il. Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Uşaqların hüququnu qorumaq üçün ilk təşəbbüs 1924-cü ildə Millətlər Liqası tərəfindən 5 əsas prinsipdən ibarət bəyannamə oldu. Bu sənəd Cenevrə bəyannaməsi adlanır. 1959-cu ildə BMT Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsini” qəbul etdi. Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi. Bu sənəd dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu.

1794-cü il. Tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanovun doğum günü (1794-1847). Bakıxanov “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb. 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəfat edib və orada dəfn olunub.

1953-сü il. Pakistanın tanınmış dövlət xadimi, keçmiş baş naziri Bənazir Bhuttonun doğum günü (1953-2007). Müsəlman ölkəsində ilk qadın hökumət başçısı kimi tarixə düşüb. 2007-ci il dekabrın 27-də 54 yaşında ikən Pakistanın Ravalpindi şəhərində seçki mitinqindəki çıxışı zamanı sui-qəsd nəticəsində öldürülüb.

Dünya Musiqi Günü. Bu ideya 1976-cı ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21-dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edib. Fransalı bəstəkar Moris Flöre 1981-ci ildə mədəniyyət və kommunikasiyalar naziri Jak Lanqa bu barədə məlumat verib. 1982-ci ildə Parisdə Musiqi bayramı keçirilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb. Hazırda Dünya Musiqi Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur.

azertag.az