İyunun 25 və 26-da “Şahdağ” Turizm Mərkəzində bir-birindən fərqli və maraqlı iki əyləncəli tədbir təşkil olunacaq.
“Şahdağ” İnformasiya Mərkəzindən bildirilib ki, əvvəlcə “Velosipedçilər günü” ilə əlaqədar olaraq yarışların təşkili nəzərdə tutulur. Bu, velosiped sürməyi sevənlər üçün dağlıq ərazidə təşkil olunan artıq ikinci belə təcrübədir.
“Şahdağ” Turizm Mərkəzində hər səviyyə üçün, yəni peşəkarlar və ekstrimi sevənlər üçün velo-cığırlar mövcuddur. Sürmə qabiliyyətindən asılı olaraq velosipedçilər başlanğıc nöqtəyə kanat yolları vasitəsilə, ekstrimə üstünlük verən peşəkarlar isə yüksəkliyə xüsusi avtomobillərlə çatdırılacaq.
İyunun 26-da isə Mərkəzdə “Graffiti festival” adlanan tədbir təşkil olunacaq. “Şahdağda qış ekstrim”i mövzusunda rəsm qabiliyyətlərini sərgiləyəcək “Urban Art”ın üzvü olan 5 qraffiti rəssamı hündürlüyü təxminən dörd metrə bərabər olan beton lövhə üzərində rəngarəng sprey rəngləyicilər vasitəsilə öz məharətlərini göstərəcək. İlk dəfə olaraq qraffiti şəhər mühitindən kənara çıxacaq, yaradılan rəsmlər yaşıl dağ yamaclarının fonunda daha əsrarəngiz görünəcək. İştirakçılar rəsmlərin necə çəkilməsini müşahidə etmək, bu haqda istənilən suala cavab almaq və ya sadəcə olaraq prosesdən həzz almaq şansı əldə edə biləcəklər.
Eyni zamanda bitboks və rep ustalarının musiqi dolu, velosipedçilər və skeytborçuların isə adrenalin dolu performansları izləyicilərə həyəcanlı anlar yaşadacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə olan “Şahdağ” Turizm Mərkəzində hər il ənənəvi olaraq yay mövsümü boyunca müxtəlif əyləncəli tədbirlər təşkil olunur. Xüsusilə gənclərin zövqünü oxşayacaq bu cür tədbirlər zamanı mərkəzdə təklif olunan kvadrosikl, seqvey, zip-layn, trotinnet, bob kart, peyntbol, dağlarda gəzinti, at sürmə və başqa yay əyləncələri, eləcə də yenicə istifadəyə verilmiş ekstrim idman növü olan paraplan - yamac paraşütü qonaqların ixtiyarında olacaq.
azertag.az