“naxcivanxeberleri.com” saytı yeni ofisdə fəaliyyət göstərəcək
21.6.2016

“naxcivanxeberleri.com” saytının Naxçıvan şəhərində yeni ofisinin açılışı olub. Əvvəlcə saytın təsisçisi və baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov saytın fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib.

Saytda müxtəlif link-bölmələrin mövcud olduğunu bildirən Mehman Şabanov həmin bölmələrdə Naxçıvanla bağlı, eləcə də ölkə ictimaiyyətini maraqlandıran digər vacib xəbərlərin, məqalələrin və şərhlərin öz əksini tapdığını deyib.

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxış edərək, “naxcivanxeberleri.com” saytının bir ilə yaxın müddətdə fəaliyyət göstərməsinə baxmayaraq artıq oxucu kütləsi toplaya bildiyini qeyd edib.

Tədbirdə Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulunun köməkçisi Əhməd Özkan, “Xəzər” televiziyasının xəbərlər departamentinin redaktoru və “xeberoxu.com” saytının rəhbəri Aqşin Kamal çıxış edərək, “naxcivanxeberleri.com” saytının gələcək fəaliyyətində uğurlar arzulayıblar.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyev çıxışında bu gün muxtar respublikada kütləvi informasiya vasitələrinə böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Qeyd edib ki, son 20 ildə bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə edib. 2014-cü il may ayının 1-dən etibarən qədim diyarda AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu fəaliyyətə başlayıb və bugünədək AZƏRTAC-ın saytında Naxçıvan barədə 2000-dən çox xəbər, 62 analitik məqalə yayılıb. Ötən ildən fəaliyyətə başlayan “naxcivanxeberleri.com” saytı ilə AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu arasında sıx əməkdaşlıq mövcuddur.

Saytın yazarlarından Elxan Yurdoğlu, Nərgiz İsmayılova, Elsevər Məmmədov “naxcivanxeberleri.com” xəbər saytının uğurlu fəaliyyətindən, saytakı məqalələrin aktuallığından bəhs ediblər. Bildirilib ki, sayt birillik fəaliyyəti dövründə ölkədə mövcud olan 600-ə yaxın xəbər saytları içərisində ilk yüzlüyə düşməyi bacarıb.

Sonra tədbir iştirakçıları saytın yeni ofisi ilə tanış olublar.

azertag.az