Sabahdan Bakıda havanın temperaturu yüksəlməyə başlayacaq
9.7.2012

Sabahdan Bakıda və Abşeron yarımadasında havanın temperaturu tədricən yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, iyulun 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 isti olacağı gözlənilir.

İyulun 10-12-də Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi meteohəssas insanlarda günorta saatlarında diskomfort hissi yarada bilər.

Azərbaycanın rayonlarında iyulun 10-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 9-13, gündüz 19-24 dərəcə isti olacaq.

Trend