Gənc azərbaycanlı cazmenin ifası fransızların böyük marağına səbəb olmuşdur
9.6.2011

Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü və Parisin XVI meriyasının dəstəyi ilə meriyanın “Bayram zalı”nda Azərbaycanın məşhur pianoçusu Şahin Növrəslinin solo caz konserti keçirilmişdir.
Tədbirdə Parisin XVI rayonunun sakinləri və bələdiyyə idarəsinin əməkdaşları, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri və jurnalistlər iştirak etmişlər.
Konsertin proqramı XVI rayonda təşkil edilən yay musiqi festivalı proqramına salınmış və 40 min nüsxə çap olunaraq həmin rayonda paylanmışdır.
Tədbiri giriş sözü ilə açan səfir E.Əmirbəyov bu konsertin Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunduğunu bildirmiş, milli musiqimiz barədə məlumat vermiş və xüsusən ölkəmizdə caz musiqisinin yaranma və inkişaf tarixindən bəhs etmişdir.
Sonra Şahin Növrəslinin ifasında bir çox caz-muğam nümunələri səslənmişdir. Azərbaycanlı cazmenin ifası tamaşaçıların böyük marağına səbəb olmuşdur.