Həyata keçirilən tədbirlər çərçivəsində ölkəmizdə 45 min 154 şəkərli diabet xəstəsi qlükometrlərlə təmin olunub, 14 min 397 xəstə üzərində isə insulin terapiyası xidməti aparılır.
Bu fikirlər iyunun 22-də akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən “dəyirmi masa”da səslənib.
Tədbirdə qeyd olunub ki, əgər vaxtilə diabetli uşaqlara adi şpris-qələm verilməsi problem idisə, indi onlara dərman insulin pompası vasitəsilə yeridilir. Bu isə körpələri gün ərzində bir neçə dəfə insulin iynəsi vurmaqdan azad edir.
Məlumat verilib ki, hazırda dünyada 300 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Böyük sürətlə yayılan bu xəstəlik ciddi sosial–tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 2030-cu ilədək diabetdən dünyasını dəyişənlərin sayı iki dəfə arta bilər.
Azərbaycanda şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımlar atıldığı və bu məsələnin qanunvericilikdə də əksini tapdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi buna bariz nümunədir. Bundan əlavə, Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı” ölkəmizdə uğurla həyata keçirilib.
Bununla yanaşı, Nazirlər Kabinetinin qərarı ilə “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının əsas vəzifələri şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, şəkərli diabet xəstələrinin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatının yaxşılaşdırılması, endokrinoloji xidmətin kadr potensialının gücləndirilməsi, şəkərli diabet xəstəliyinin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsidir.
azertag.az