“Söz” ədəbi layihəsinin növbəti tədbiri rusdilli şairlərə həsr olunub
23.6.2016

İyunun 22-də Nizami Kino Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbiri keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan layihənin budəfəki tədbiri rus dilində yazan gənc şairlərə həsr edilib.

Layihənin rəhbəri Nigar Həsənzadə çıxış edərək layihənin ölkə mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatımızın dünyada tanıdılmasına və yeni istedadlı yazarların üzə çıxarılmasına xidmət etdiyini söyləyib.

Qeyd olunub ki, layihə Azərbaycanın yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması, yeni istedadlı yazarların yaradıcılığının təşviq olunması məqsədi ilə yaradılıb.

Sonra tədbirdə iştirak edən istedadlı gənc şairlər öz şeirlərini səsləndirib.

Tədbir konsert proqramı ilə davam edib.

azertag.az