C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Oğul” kitabının təqdimatı olub
23.6.2016

İyunun 22-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının və “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə Zərəngiz Dəmirçi Qayalının “Oğul” kitabının təqdimatı keçirilib.

Tədbirdə kitabxananın direktoru Tahir Sadıqov, İB-nin prezidenti Tofiq Əlizadə və başqaları kitabın məziyyətlərindən söz açıblar.

Bildirilib ki, Murovdağ uğrunda döyüşlərdə şəhid olan Elgün İsmayılova həsr olunmuş kitabda, müəllifin bacısı, milli ordunun könüllü döyüşçüsü Vəfa Mansurovaya ithaf olunan “Vəfam mənim” (yenidən işlənilmiş variantı) poeması da yer alib. Həmçinin “Oğul” kitabında şairənin son dövrlərdə yazdığı “Qurtuluş savaşı - Çanaqqala”, “Kazım Qara Bəkir Paşa” və şəhid Fariz Bədəlova həsr edilmiş balladaları, “Vahidim de, igidim de, şəhidim de” elegiyası işıq üzü görüb. Bu əsərlərdə Türkiyənin məşhur Çanaqqala savaşından, ötən əsrin 18-ci illərində ölkəmizdə ermənilərin törətdiyi kütləvi qırğınların qarşısını alan igid türk komandanı Kazım Qara Bəkirin xilaskarlıq missiyasından söhbət açılır. Həmçinin, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı törədilən terror aktları nəticəsində minlərlə günahsız həmvətənimizin həlak olması, yurdumuzun dilbər guşələrinin namərd düşmən tapdağı altında qalması bu əsərlərin əsas ana xəttini təşkil edir və oxucuda həyəcan, düşmənə nifrət hissi yaradır.

Kitabda verilmiş müxtəlif mövzulu 70-dən çox şeirdə şairənin yaşantıları, həyata, insanlara, dünyaya, göz açdığı doğma ana yurdu Qazax torpağına sevgisi, fəxrimiz, sərvətimiz olan uşaqlara həsr edilmiş əsərləri dərc olunub.

Tədbirdə “Aytam” Uşaqların Mədəni-Maarifləndirilməsi İctimai Birliyinin dərnək üzvlərinin ifasında müəllifin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

azertag.az