Xalça Muzeyinin direktoru İCOM Azərbaycan Milli Komitəsinin sədri seçilib
23.6.2016

İyunun 22-də Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi rəyasət heyətinin toplantısı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tədbirdə Azərbaycan ilə UNESCO arasında qarşılıqlı maraq doğuran əməkdaşlıqdan söz açılıb.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bildirib ki, İCOM muzey və muzey mütəxəssislərinin 1946-cı ildə yaradılmış beynəlxalq təşkilatıdır. İCOM UNESCO-nun tərəfdaşıdır və Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malikdir.

Azərbaycanda muzey işinin müasir tələblər baxımından yenidən qurulması istiqamətində görülmüş işlərdən danışan nazir müavini son illərdə Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafına təkan verən 15-dən çox sərəncamın imzalandığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanda 250 muzey fəaliyyət göstərir və bunların 219-u Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir.

Vurğulanıb ki, nazirlik İCOM Azərbaycan Milli Komitəsinin fəaliyyətinə hər zaman dəstək olmaqla yanaşı, həm də lazımi köməklik göstərir.

Sevda Məmmədəliyeva deyib: “Sevindirici haldır ki, regionlarda fəaliyyət göstərən 32 muzey də artıq İCOM-un üzvüdür. Muzey işçilərinin əsas məqsədi milli irsimizi qorumaq və təbliğ etməkdir. Heydər Əliyev Fondu mədəni irsin qorunmasına, muzeylərin fəaliyyətinə, bərpasına xüsusi diqqət yetirir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə fəaliyyətə başlayan Daş Salnamə Muzeyi, Müasir İncəsənət Muzeyi və digərləri xalqımızın tarixinin qorunmasına və təbliğinə xidmət edir”.

İCOM Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva qurumun 3 illik fəaliyyətinə dair hesabatı iştirakçıların nəzərinə çatdırıb. Bildirilib ki, sözü gedən qurum 1993-cü ildən Beynəlxalq Muzeylər Şurasına üzv qəbul edilib. Hazırda komitənin respublikanın 38 muzey və 7 digər müəssisəsindən 61 fərdi və 3 kollektiv üzvü vardır. Milli komitə yarandığı gündən muzeylərimizin beynəlxalq arenaya çıxması, dünya muzeylərinin təcrübəsindən bəhrələnməsi, mədəni irsin qorunub saxlanılması, dünyaya tanıdılması və mədəni dəyərlərin qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması sahəsində iş apararaq, mütəmadi konfranslar, seminarlar təşkil edib. Hesabat ili ərzində milli komitə tərəfindən muzey sahəsində bir çox layihələr hazırlanıb və maraqla qarşılanıb.

Sonra növbəti 6 il müddətində İCOM Azərbaycan Milli Komitəsinə yeni sədrin seçilməsi müzakirə olunub. Rəyasət heyətinin yekdil qərarı ilə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova komitənin sədri vəzifəsinə təsdiq edilib.

Tədbir qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.

azertag.az