Bakıda ənənəvi Beynəlxalq Sığorta Forumu keçirilir
23.6.2016

Bu gün Bakıda Qafqaz regionunun ən böyük sığorta tədbiri - VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2016) keçirilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək tədbirdə dünyanın 20 ölkəsindən 200-dən çox şirkət və təşkilatın nümayəndəsi iştirak edir.

İki gün davam edəcək forumda Azərbaycanın və regionun sığorta bazarı üçün aktual mövzular - "Nəzarət mexanizmləri: Meqa Requlyator və ya Klassik Requlyator", "Azərbaycan sığorta bazarının yeni reallıqları – nəzarət orqanının baxışları və proqnozları", "Regionda makroiqtisadi tendensiyalar və onların sığorta bazarına təsiri", "Hazırkı mühitdə sığorta bazarının inkişafı üzrə prioritet istiqamətlər və yeni nəzarət üsulları", "Hazırkı reallıqda Azərbaycan və regionun sığorta bazarının inkişafı üçün yeni həllər", "Sığorta tənzimlənməsində və nəzarətində yeni yanaşmalar" kimi mövzulara toxunulacaq.

Tədbirdə təkrarsığorta mövzusu da diqqət mərkəzində olacaq. Başqa sözlə, "Təkrarsığortaya yeni baxış", "Regionda böhran şəraitində təkrarsığorta həlləri", "Təkrarsığorta bazarının qlobal tendensiyaları", "Təkrarsığorta bazarı sığorta bazarının inkişafı və diversifikasiyasına necə kömək edə bilər", "Hazırki reallıqda təkrarsığortanın sığorta şirkətlərinin maliyyə stabilliyində rolu" və digər mövzular üzrə müzakirələr aparılacaq.

Sığorta forumunda kənd təsərrüfatı sığortası, bu sahədə beynəlxalq təcrübə və modellər, risklərin adekvat qiymətləndirilməsi və risklərin əhatə olunması üçün əsas həllər, regionlar üzrə kənd təsərrüfat sığortası modelləri, bu sahənin dövlət tərəfindən tənzimlənməsi kimi məsələlər də diqqət mərkəzində olacaq.

Bundan başqa, forumda avtomobil sığortası, bu sahədə zərərlərin qiymətləndirilməsi üzrə tariflər və sistemlər, proseslərin elektronlaşdırılması, yeni satış kanalları ilə bağlı təqdimat və çıxışlar olacaq.

AİİF-2016-da yeni sığorta məhsullarının yaradılması, həyat sığortası, bank sığortası, bu sahədə banklarla əməkdaşlıq, paket sığorta məhsullarının inkişafı və bununla əlaqədar mövzular üzrə müzakirələr, təqdimatlar və çıxışlar nəzərdə tutulur.

apa.az