Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı İordaniyada keçirilmiş 27-ci Cəraş Mədəniyyət və İncəsənət Festivalında iştirak etmişdir.
Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyindən bildirilmişdir ki, 1981-ci ildən etibarən keçirilən festivalda kollektivimizlə yanaşı, Misir, İraq, ABŞ, Suriya və digər ölkələrin təmsilçiləri xalqlarının milli mədəniyyətinin və incəsənətinin nümunələrini təqdim etmişlər.
“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri İordaniyanın qədim şəhərləri - Cəraş və Madabada çıxışlarında ölkəmizin zəngin musiqi irsinin nümunələrini ifa etmiş, festival iştirakçılarının xüsusi rəğbətini qazanmışlar.
AzərTAc