Xarici ölkələrdə təhsil azərbaycanlı gənclərə nələr vəd edir?
23.6.2016

Təhsil gənclərin inkişafı, fəal sosial həyata atılması və sağlam gələcək formalaşdırması baxımından açar elementdir. Beynəlxalq səviyyədə razılaşdırılmış qlobal inkişaf hədəfləri arasında da təhsil prioritet istiqamət kimi göstərilir. Bu sırada BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” və “Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramı”nda təhsilin əhəmiyyətinin xüsusi vurğulandığını qeyd etmək lazımdır.

Təhsil yoxsulluğun və aclığın aradan qaldırılması, davamlı və bərabər səviyyəli iqtisadi inkişafa nail olunması baxımından vacib sahədir. Eyni zamanda, gənclərin təhsil alaraq əldə etdikləri biliklər onların sosial, iqtisadi və siyasi inkişaf proseslərində səmərəli iştirakına imkan yaradır. Gənc nəslin qlobal proseslərə təsir imkanlarının artması onların təkcə öz ölkələrində deyil, müxtəlif dövlətlərin təhsil müəssisələrində biliklər əldə etməsi, hərtərəfli dünyagörüşünə yiyələnməsi və dünyada baş verən prosesləri yaxından izləməsi zərurəti yaradır.

Qeyd olunan məqamlar beynəlxalq səhnənin əsas aktorlarından birinə çevrilən Azərbaycan və gəncliyimiz üçün də önəmli mahiyyət daşıyır. Ölkəmizin sürətli və hərtərəfli inkişafı müxtəlif sahələrdə savadlı kadrların yetişməsinə. onların bu inkişaf prosesində fəal iştirakına zəmin yaradır. Digər tərəfdən, Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi ilə bütün istiqamətlərdə olduğu kimi, elm və təhsil sahələrində də gənclərimizin inteqrasiya proseslərinə qoşulmasına, tərəflər üçün faydalı olan təcrübə mübadilələrinin həyata keçirilməsinə və mövcud intellektual potensialın zənginləşdirilməsinə ehtiyac yaranır. Bu baxımdan, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyduğu dövrdən etibarən gənclərimizin xarici ölkələrdə təhsil almaları, fəaliyyət göstərmək arzusunda olduqları sahənin incəliklərinə mükəmməl yiyələnmələri üçün dövlət tərəfindən önəmli tədbirlər görülür. Nəzərə alsaq ki, böyük intellektual potensiala malik Azərbaycan gəncləri ölkəmizin davamlı inkişafında mühüm rola malikdir, bu zaman mövcud potensialın daha da təkmilləşdirilməsi və xarici ölkələrin təcrübələrinə yiyələnməklə Azərbaycanda müxtəlif sahələrdə faydalı ola biləcək kadrların formalaşdırılması məqsədəuyğun addımdır. Bu uzaqgörən siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə təhsili prioritet istiqamətlərdən biri kimi gündəmə gətirərək xalqımızın gələcək rifahının təminatı baxımından milli kadr potensialının təkmilləşdirilməsinin vacibliyini irəli sürüb. Ulu Öndər həmin dövrdə aktual olan mühüm ixtisaslar üzrə peşəkar mütəxəssis kontingentinin formalaşmasına xüsusi diqqət yetirirdi. Bu hədəfə uğurla nail olmaq üçün hər il xeyli sayda azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilirdi. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minədək azərbaycanlı göndərilib, hər il xaricə 800 tələbə yola salınıb. Belə bir ənənənin əsasının qoyulması və bu gün də uğurla tətbiqi nəticəsində ölkəmizdə bir çox sahələrdə əldə edilən nailiyyətlərin əsas iştirakçıları olan gənc, dinamik, savadlı və peşəkar kadrlar yetişib.

Müvafiq istiqamətdə vahid sistemin formalaşdırılması baxımından Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə hazırlanmış və 2006-cı il 19 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” əhəmiyyətli qərardır. Belə ki, ölkəmizin inkişaf perspektivləri bütün istiqamətlərdə fəaliyyət göstərəcək kadrlar qarşısında Azərbaycanda müxtəlif sahələrdə müasir standartlara cavab verən yeni bir mərhələyə keçidi təmin etmək öhdəliyi qoyur. Bu vəzifəni layiqincə yerinə yetirə bilmələri üçün dövlətimiz gənclərin ehtiyac duyduqları bütün zəruri şəraiti yaradır.

Dövlət Proqramı çərçivəsində 2007-2015-ci illərdə ümumilikdə 3.558 nəfər xarici ölkələrdə təhsil almaq hüququ əldə edib. Gənclərimiz dünyanın 32 ölkəsində 379 ali təhsil müəssisəsində təhsil alıblar. Statistik göstəricilər xaricdə təhsil almaq hüququ qazananların ən çox İngiltərə, Türkiyə, Almaniya, Kanada universitetlərinə üstünlük verdiklərini göstərir. İxtisas seçiminə gəldikdə isə tibb, iqtisadiyyat, informasiya texnologiyaları, mühəndislik, sosial və humanitar elmlər xarici ölkələrdə təhsil almağa üz tutan azərbaycanlı gənclərinin prioritet sahələridir. Proqramın sonuncu – 2015-2016-cı tədris ili üçün keçirilmiş müsabiqə nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 373 tələbənin adı Proqram təqaüdçüləri siyahısına daxil edilib. Onlar arasında Uoterlu, Toronto, Oksford və Kolumbiya universitetləri kimi ali təhsil müəssisələrinin tələbəsi adını qazanmış gənclərimiz var. Şübhəsiz, onlar məzun olduqdan sonra vətənlərinə dönərək Azərbaycanda müvafiq sahələrin davamlı inkişafına mühüm töhfələr verəcəklər. Maraqlı və sevindirici məqamlardan biri də odur ki, ilk dəfə bir azərbaycanlı tələbə antropologiya üzrə Avstraliyada təhsil almaq hüququ əldə edib. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində bu günədək 100-dən çox tələbənin turizm sahəsi üzrə xaricdə təhsil almaq imkanı qazanması ölkəmizdə turizm sektorunun gələcək inkişafı üçün önəmli amillərdəndir.

Dövlət Proqramının icrası müddətində görülən işlər və əldə edilən nəticələr ölkəmizin davamlı inkişafı naminə müəyyənləşdirilən əsas prioritetlərdən hesab olunan “qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində həyata keçirilən tədbirlərə önəmli töhfə verməkdədir. Azərbaycanda gəncliyin milli inkişaf strategiyasının tərkib hissəsinə çevrilməsi və bunun üçün lazımi mənbələrin səfərbər edilməsi uzunmüddətli iqtisadi inkişafın möhkəm bazisini formalaşdırır.

Qeyd olunan məqamları təhlil edərək xaricdə təhsil almağın gənclərimizə nələr vəd etdiyinə və dövlətimizin inkişafı istiqamətində hansı nəticələrə nail olunduğuna qısaca nəzər salaq:

Dövlət Proqramının 9 illik icrası müddətində xarici ölkələrdə təhsil almaq istəyənlərin sayının ildən-ilə artması gənclərimizin seçdikləri ixtisaslara daha mükəmməl yiyələnmək istəyindən, fərqli təhsil sistemləri ilə tanış olaraq əldə etdikləri bilikləri ölkəmizin inkişafı naminə tətbiq etmək marağından irəli gəlir və bu, sevindirici məqamdır;

Nəzərə alsaq ki, gənclər təhsil aldıqları xarici ölkələrdə həm də Azərbaycanı təmsil edirlər, bu zaman onların müvafiq ali məktəblərin fəal tələbələri olmaları və təhsillərini yüksək nəticələrlə bitirmələri ölkəmiz və gəncliyimiz üçün qürurverici haldır;

Azərbaycanlı tələbələr, eyni zamanda, təhsil aldıqları ölkələrdə respublikamızla bağlı həqiqətləri ictimaiyyətə çatdırmaqla dövlətimizin mədəniyyətinin, tarixinin, zəngin irsinin fəal təbliğatçısı kimi fəaliyyət göstərirlər. Belə ki, tələbələrimiz müxtəlif ölkələrdə gənclər təşkilatları yaratmaqla və çoxlu sayda tədbirlər keçirməklə ölkəmizdən coğrafi baxımdan uzaqda yerləşən məkanlarda Azərbaycanın haqq səsi olurlar;

Gənclərimizin gələcəkdə ixtisasları üzrə peşəkar və tələb olunan kadr kimi formalaşması baxımından Dövlət Proqramı əvəzsiz imkandır. Belə bir Proqramın tətbiqi, eyni zamanda, böyük gələcəyi olan, zəngin intellektual potensiala malik Azərbaycan gəncliyinin dünyada baş verən sosial, siyasi və iqtisadi proseslərə təsir imkanlarını artırır. Bu gün artıq nüfuzlu beynəlxalq təşkilatlarda fəaliyyət göstərərək qlobal prosesləri təhlil etmək və ölkəmizin mövqeyini uğurla müdafiə etmək iqtidarında olan dinamik gənc nəsil formalaşır.

Mühüm məqamlardan biri də odur ki, belə bir Proqramın icrası ölkə rəhbərliyinin gənclərə, elm və təhsil sahələrinin inkişafına göstərdiyi diqqətin vacib elementidir. Şübhəsiz ki, növbəti illərdə dünyanın nüfuzlu universitetlərindən məzun olmuş, təhsilini uğurla başa vuraraq Vətənə qayıtmış gənclərimiz ölkəmizin davamlı inkişafının, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinin və mühüm nailiyyətlərə imza atmasının əsas aktorları olacaqlar.

azertag.az