IV Qəbələ Musiqi Festivalı Müslüm Maqomayevin 70 illik yubiley tədbiri ilə açılacaq
9.7.2012

Qəbələ şəhərində IV Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu barədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli məlumat verib. O bildirib ki, festivalın açılışı iyulun 24-də olacaq və Azərbaycanın dünya şöhrətli musiqiçisi Müslüm Maqomayevin 70 illik yubileyinə həsr ediləcək. Həmin gün açıq səma altında Müslüm Maqomayevin musiqiləri səslənəcək.

Festival çərçivəsində daha iki yubiley tədbirinin keçirilməsi nəzərdə tutulur. Bu yubileylərdən biri maestro Niyaziyə (100), ikincisi isə Fikrət Əmirova (90) həsr olunacaq. Hər bir yubiley tədbirində bəstəkarların musiqiləri səslənəcək.

Dünyanın müxtəlif ölkələrindən musiqiçilərin iştirak edəcəyi festival avqustun 6-dək davam edəcək.

Qeyd edək ki, Qəbələ Musiqi Festivalı Festival Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunur. Tədbirin təşəbbüskarı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və dirijor Dmitri Yablonskidir.